Sizə təqdim etdiyimiz bu sayt Azərbaycan
arxeologiyasının ən aktual problemlərindən
birinə - qayaüstü təsvirlərin öyrənilməsinə həsr
edilmişdir. Saytda Gəmiqaya təsvirlərinin
dini-mifoloji məzmunu
haqqında
məlumat verilir. Min illər boyu formalaşan
dini mifoloji görüşlər qədim cəmiyyətlərin idarə
edilməsinin əsasını
təşkil etmişdir.
İctimai bərabərsizliyin meydana çıxması və
dövlətin yaranmasından sonra bu görüşlər başlıca
olaraq hakim siniflərin hökmranlığına,
sosial-siyasi sabitliyin qorunmasına xidmət
etmişdir. Mifoloji dünya modeli bütün xalqlarda
eyni olduğu
üçün,
dünya alimlərinin
təcrübəsindən bəhrələnməklə bərabər Gəmiqaya
təsvirlərinin
Azərbaycan türklərinin mifoloji
dünya
görüşü mövqeyindən araşdırılması
məqsədəuyğun
hesab edilmişdir. Çünki şərq mədəniyyətinin
təsiri min illər boyu bu regionla təmasda olan
Azərbaycan türklərinin folklorunda və
etnoqrafiyasında silinməz izlər buraxmışdır. Bu
arxeoloji abidələrin tədqiqi zamanı özünü
qabarıq şəkildə göstərir.
Son zamanlar Gəmiqaya abidələrinin öyrənilməsi
ilə bağlı həyata
keçirilən tədbirlər təqdirə
layiq sayılmalıdır.
2001-ci ilin avqust ayında
mərhum prezidentimiz möhtərəm Heydər Əliyevin
xüsusi
qayğısı və
tapşırığı ilə
Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
və
Naxçıvan Dövlət
Univerisiteti əməkdaşlarının iştirakı ilə təşkil
edilən ekspedisiya Gəmiqayada yenidən araşdırma
aparmışdır.
Buna baxmayaraq abidənin
tədqiqini bitmiş hesab etmək olmaz.
Ümid edirik ki, Gəmiqaya haqqında hazırlanan bu
sayt tarixi əhəmiyyəti baxımından Azərbaycan
elektron məkanında mövcud olan boşluğun
doldurulması üçün səmərəli olacaqdır. |