Ana səhifə Gəmiqayanın tarixi
Nuh əfsanəsi
Astral rəsimlər
Heyvan rəsmləri
İnsan rəsmləri
Gəmiqaya rəsmləri
Gəmiqaya haqqında mənbələr.
Məlumat və nəticə.
English

 

Gəmiqaya rəsmləri başlıca olaraq üç qrupa bölünərək araşdırılmışdır: astral rəsmlər, zoomorf rəsmlər və insan rəsmləri.

Astral rəsmlər.

    Gəmiqaya rəsmlərinin müəyyən bir qrupu astral rəsmlərdən ibarətdir. Araşdırmalar göstərir ki, Azərbaycanda məskənləşən tayfalar müxtəlif Göy cisimlərinə sitayiş etmişlər. İlk Tunc dövrünə aid gil qablar üzərində Günəş, Ay, spiral rəsmlərinə təsadüf olunmuşdur.

     Astral rəsmlər arasında Günəşi şimvolizə edən işarələr xüsusilə geniş yayılmışdır. Günəş rəsmləri dairə, dairədən ayrılan şüa, içərisində nöqtə olan dairələrlə təmsil edilmişdir. Belə rəsmlərə Qobustan, Kareliya, Sibir və dünyanın digər yerlərindəki təsvirlərdə rastlanmışdır. Tunc və Erkən Dəmir dövrünə aid gil qabların bəzisinin oturacağı batıq dairələrlə əhatə edilmişdir. Günəşin boyalı və boz rəngli qablar üzərində geniş yayılmış təsvirlərindən biri də şüalanan dairələrdir. Şüaşəkilli naxışlarla bəzəmə Erkən Dəmir dövrü boyalı qablarının ayrılmaz xüsusiyyətidir. Bu dövrdə geniş yayılan kannelyur ornamentin də Günəş kultu ilə bağlı olduğu söylənmişdir. Bu tip Günəş təsvirləri Azərbaycan xalqının məişətində uzun müddət yaşamış, binaların fasadları, evlərin içərisi, qapılar, habelə qəbirüstü daşlar Günəş rəsmləri ilə bəzədilmişdir.

    Günəşin geniş yayılmış təsvirlərindən biri də iki çıxıntısı olan dairələrdir. Gəmiqayada rastlanan təsvirlərdən biri də xaç, yaxud svastika ilə dörd yerə bölünən dairələrdir. N.Müseyibovun fikrinə görə, xaçla dörd yerə bölünmüş dairə Günəşin öz şüalarını dünyanın dörd tərəfinə yayması anlamındadır. Xaçla dörd yerə bölünən dairənin dünyanın dörd tərəfini simvolizə etdiyi də tədqiqatçılar tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bu qorizontal məkanın dörd hissəli strukturu ilə bağlı təsəvvürləri əks etdirmişdir. Bu baxımdan Qeqam dağlarında aşkar olunan bir qaya təsviri diqqəti cəlb edir. Burada dörd yerə bölünmüş dairə və onun ətrafındakı bölümlərə uyğun olaraq dörd insan təsvir edilmişdir. Bu insan rəsmləri dünyanın dörd tərəfinin qoruyucu Tanrılarını simvolizə edir. Bu ideyanın zoomorf obrazlarla ifadə edilməsinə sənət əsərlərində kifayət qədər rastlanmışdır. Bu tip təsvirlərin astral simvol kimi qəbul edilməsi dünyanın nizamlayıcı başlanğıc tərəfindən idarə edilməsi ideası ilə bağlı olmalıdır. N.Müseyibov Gəmiqayadakı ikiyə bölünmüş dairənin sutkanın ikiyə bölünməsi, gecə və gündüz haqqında təsəvvürləri əks etdirdiyini söyləmişdir. Bizcə, dairənin ikiyə bölünməsi dünyanın modelinin binar oppozisiyada verilməsidir. Bu baxımdan M.Seyidov tərəfindən nəşr edilən şaman davulları üzərindəki rəsmlər diqqəti çəkir. Burada parallel xətlərlə ikiyə bölünmüş dairənin aşağı qismində o biri dünyanın, yuxarıda isə Göy aləmini və orta dünyanı simvolizə edən rəsmlər təsvir edilmişdir. Gəmiqayadakı çarpaz xətlərlə bir neçə yerə bölünən dairə rəsmini tədqiqatçılar araba təkəri ilə müqaisə etmişdir. Tədqiqatçı arxeoloji və mifoloji mənbələri təkərli nəqliyyatın inkişafı ilə Günəşin səmada araba ilə dolaşması haqqında mif ortaya çıxmışdır. Bu ideyaların Gəmiqaya təsvirləri ilə nə dərəcədə bağlı olduğunu söyləmək çətindir. Gəmiqayada bir yerdə rastlanan və kəsişən xətlərlə doldurulan dairənin, bizcə, araba təkəri adlandırmaq olmaz. Qeyd edək ki, bu dairənin mərkəzindən iki parallel xətt keçir. Belə parallel xətlərə şaman davullarında və Sibirin qəbirüstü daşlarına rastlanmışdır. Araşdırıcılar qəbir daşlarındakı parallel xətləri o biri dünyaya gedən “yol” kimi izah etmişdir. Azərbaycanlıların inancına görə insanın ovcunda olan parallel xətlər onun həyat yolunu göstərir Gəmiqayada rastlanan konsentrik dairələrdən ibarət rəsmlərdən biri ilan başı ilə tamamlanır. V.Əliyev onun Günəşi simvolizə etdiyini söyləmişdir. Lakin qeyd edək ki, ilan başı ilə tamamlanan spiral rəsmlərinə Kür-Araz keramikasında da rastlanmışdır. Cənub-Şərqi Avropanın Eneolit dövrünə aid qadın fiqurları üzərindəki qıvrılmış spiralsəkilli ilan təsvirləri qadın simvolikası və xıtonik quvvələrlə bağlanır. Əgər Gəmiqaya təsvirinə diqqətlə baxsaq burada bir-bir içərisində yerləşdirilən üç konsentirik dairənin olduğunu görərik. Birinci dairənin içərisində çuxur oyulmuşdur. O Günəşi simvolizə edir, onun ətrafındakı dairə mədəni məkanı, ilan başı ilə tamamlanan sonuncu dairə isə periferiyanı göstərir. Bizcə burada kosmik dünya modelinin üç hissəli sturukturu və onların qarşılıqlı əlaqəsi aydın şəkildə ifadə edilmişdir. Günəşin geniş yayılmış simvollarından biri də içərisində nöqtə olan dairədir. Bu tip rəsmlərə Tunc dövrünə aid gil qablar üzərinə və Kolanı nekropolunda da rastlanmışdır. Qəbirlərdən birinin divarında təsvir olunan Günəş tanrısının başı içərisində nöqtə olan dairə şəklindədir Gəmiqaya təsvirlərində və arxeoloji əsərlərdə Günəş təsvirlərinin geniş yayılması Azərbaycanda Günəşlə bağlı inancların geniş yer tutduğunu göstərir. Günəşə, şüaya inam türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin mifologiyasında əks olunmuşdur.

     Azərbaycan folklorunda Günəş və Ayla bağlı xeyli əfsanələr vardır. Bu nümunələr Günəşə tapınmanın qədim tarixi köklərə malik olduğunu göstərir. Mirəli Seyidov apardığı araşdırmalara dayanaraq qeyd edir ki, bir çox xalqlarda olduğu kimi Azərbaycanlılarda da Günəş Tanrısı – şüa, zoomorfik onğan və insan kimi təsəvvür edilmişdir. Günəşin mifləşdirilməsi, Günəş tanrısına inam şübhəsiz ki, onun təbiətin məhsuldar qüvvəsinin başlanğıcı olması ilə bağlıdır. Bu, günəşli günlərin insanların həyatında mühüm yer tutduğunu göstərir. Doğurdan da Gün işığı olmadan bioloji varlıqların yaşaması və artması mümkün deyildir. Günəşin mifologiyada hansı obrazda çıxış etməsindən asılı olmayaraq o müəyyən dərəcədə o biri dünyanı işıqlandırmışdır.

Gəmiqaya təsvirləri içərisində aypara təsvirləri də vardır. Tunc dövrünə aid gil qablar üzərində aypara təsvirlərinə, habelə aypara formalı bəzəklərə geniş şəkildə rastlanmışdır. Gəmiqaya rəsmləri arasında qoşa dairələrdən ibarət rəsmlər də müəyyən yer tutur. Bu tip rəsmlərə Sibirin qaya təsvirlərində və Qeqam dağlarında geniş rastlanmışdır. Qoşa dairələr halında verilən Venera ekizlər kultu ilə bağlı olmuş, məhsuldarlığı simvolizə etmişdir. Azərbaycan folklorunda Ülkər adlandırılan bu ulduz ilə bağlı müxtəlif əfsanələr vardır. “Ülkərlə Süleyman peyğəmbər”, “Yalançı Ülkər” bu əfsanələrdəndir. Tədqiqatçılar bəzi xalqlarda Ülkərin bəd quvvələrlə bağlı olduğunu qeyd etmişlər. Q.N.Potaninin verdiyi məlumata görə Venera, yaxud Ülkər monqollar, hunlar və türklər tərəfindən sitayiş edilmişdir. Monqollarda karvanları yoldan çıxaran, məhv edən Venera haqqında əfsanə olmuşdur. Bu əfsanə eyni ilə Azərbaycan folklorunda da mövcuddur. Əfsanəyə görə gözətçi göydə parlaq ulduz görüb onu Ülkər ulduzu hesab edərək karvanı yuxudan oyadır. Karvan xeyli getsə də səhər açılmır. Bir azdan başlayan boran isə karvanı məhv edir. Göründüyü kimi karvanın qırılmasına səbəb başqa bir ulduz olmuşdur. Odur ki, onu “Yalançı Ülkər” adlandırmışlar. Azərbaycan əfsanələrində Ülkər ulduzu baharın gəlişini və səhərin açılmasını simvolizə etmişdir. Əfsanələrdən məlum olur ki, qədim insanlar səhərin açılmasını və baharın gəlişini bu ulduza baxaraq müəyyən etmişlər. Ehtimal ki, Ülkər Gün çıxanda və Gün batanda göründüyü üçün onu qoşa dairə şəklində təsvir etmişlər. Zaman keçdikcə bu baharın gəlişi, məhsulun yetişməsi, artıb çoxalma ilə bağlı bərəkət simvoluna çevrilmişdir.

    Ekizliklə bağlı simvollar bəzən qoşa üçbucaqlar şəklində verilmişdir. Qoşa üçbucaqlar digər göy cisimləri ilə birlikdə verilməsi onların astral məna ifadə etdiyini göstərir. İstər Gəmiqaya təsvirlərində, istərsə də gil qablar üzərində heyvan və insan fiqurlarının qoşa üçbucaqlarla təsvir edilməsinə də rastlanır. Gəmiqaya təsvirlərində səma anlayışı da öz əksini tapmışdır. Ehtimal ki, Gəmiqayada rastlanan qövsvari xətlər də səmanı simvolizə etmişdir. Fikrimizcə, səma anlayışı daha çox astral rəsmlərlə ifadə edilmişdir. Bu baxımdan astral rəsmlərin kompleks təsvir edildiyi səhnələrin, həm də səma anlayışı ifadə etdiyini söyləyə bilərik. Çünki xeyrin və bərəkərin başlanğıcı sayılan Günəş, Ay, Venera birbaşa Göyə bağlı idi. Səma təbiətin yaradıcı qüvvələrinin simvolu, Göy aləmi, Tanrıların məkanı kimi müxtəlif xalqların, o cümlədən Azərbaycan türklərinin inanclarında əks olunmuşdur. Əfsanəyə görə Günəşlə Ay Yerdə yaşayırmış. Bir gün Günəş gəzə-gəzə Göyə çıxır. Ayı Günəşi axtarmağa göndərirlər. Ay Günəşi nə qədər axtarırsa tapa bilmir. Bu zaman Göy guruldayır, indırım çaxır, Göy Yerdən ayrılır. Günəşlə Ay Yerə yenə bilmirlər. Qeyd edək ki, Azərbaycan türklərində əski inancların qaldığı kimi Göyə tapınma indi də qalmaqdadır. Qədim türklər Göy Tanrısına qüdrətli Allah kimi sitayiş etmişlər. Türklərin inancına görə xaqana hakimiyyət Göy tərəfindən verilmişdir. Göy Tanrı insanların taleyini həll edir, xaqanları yüksəldir, yaxud devirir. Rəvayətə görə əmir Teymurun məhşur taxtı göy daşın üstündə olarmış. O, səfərdə olarkən göy daş olan otaq bağlı qalarmış. Yağıntı az olduqda Azərbaycan türkləri uca bir təpənin başına çıxar, qurban kəsər Allaha dua edərlər ki, yağış yağsın. Bu inanclar “Çömçəxatun” əfsanəsində də öz əksini tapmışdır. Əfsanəyə görə uzun zaman yağış yağmadığından quraqlıq olur, Çömçəxatun bir təpənin başına çıxaraq Allaha yalvarır ki, yağış yağdırsın. Tanrı onun sözünü eşidərək yağış yağdırır. Yağışın altında qalan qız islanır və yamyaşıl bir ağaca çevrilir. Bu əfsanədə həm də insanların kosmik dünya haqqında təsəvvürləri əks olunmuşdur.

Gəmiqaya rəsimlərinin müəyyən bir qrupu üç çıxıntılı işarələrdən ibarətdir. Bunlar insan və heyvan rəsmləri ilə birlikdə təsvir edilmişdir. Bəzi tədqiqatçılar üç çıxıntılı işarələrin Günəşi simvolizə etdiyini söyləmişdir. İ.M.Cəfərzadə onların tamğa olduğunu, D.A.Axundov isə ev rəsmləri olduğunu söyləmişdir. Bu fikirlərdən asılı olmayaraq üçlüyün müəyyən simvolika ilə bağlılığı şübhəsizdir. Bu işarələr praqmatik olaraq insanların dünyanın hər üç qatını təmsil edən qüvvələrə inancı və sitayişi ilə bağlı olmalıdır.

    Gəmiqayada kiçik, dairəvi, ya da oval nöqtələrdən ibarət işarələrə də rastlanır. Bu tip rəsmlərin ulduzları simvolizə etdiyi ehtimal olunur. Onlara başlıca olaraq insan və heyvan rəsimlərinin ətrafında rastlanmışdır. Rəsmlərin birində keçiyə doğru hərəkət edən insanın başının səviyyəsində iki kiçik oval dairə vardır. Bizim fikrimizə görə, qoşa dairə Veneranın simvoludur. Bu tip işarələrə keçi və dəvəyəbənzər heyvanın ətrafında da rastlanmışdır. Məlum olduğu kimi Azərbaycan folklorunda ulduzlarla bağlı xeyli əfsanə və rəvayətlər vardır. Gəmiqayanın bu tip təsvirləri yaxşı öyrənilmədiyindən onların hansı ulduzları simvolizə etdiyini söyləmək çətindir. Lakin qeyd etmək istərdik ki, nöqtəşəkilli işarələr işığı, parlaqlığı simvolizə etmişdir. Günəş təsvirlərinin içərisində nöqtə olan dairələr şəklində təsvir olunması da bununla bağlıdır. Dairəvi, yaxud oval formalı nöqtəşəkilli işarələrin Göy cisimlərini simvolizə etdiyi Sibir xalqlarının etnoqrafik materiallarında geniş şəkildə əks olunmuşdur.

    Gəmiqayada ayrıca təsvir edilmiş qövsvari xətlərə və Günəş simvollarından ayrılan qövsvari xətlərə rastlanmışdır. Belə rəsmlərə teleut şamanlarının məişət əşyalarında da rastlanır. E.A.Okladnikova etnoqrafik materiallara əsaslanaraq Günəşdən ayrılan qövsşəkilli xətlərin Göy qurşağı, daraqşəkilli çıxıntıların isə yağışı simvolizə etdiyini söyləmişdir. Azərbaycan türklərinin yaddaşında saxlanan əfsanəyə görə Göy qurşağı xanın zülmündən Göyə çəkilən yeddi qızı təmsil edir. Əfsanəyə görə Göy qurşağının rəngi qızların rəngini əks etdirir.

   Gəmiqyada rastlanan işarələrdən biri də xaç və svastika təsvirləridir. Bu işarələr olduqca müxtəlif variantlarda təsvir edilmişdir. Belə rəsmlərə Tunc dövrünə aid boyalı və boz rəngli qablar üzərində də rastlanmışdır. E.A.Okaldnikova araşdırmalara dayanaraq xaç işarələrinin Günəşi, yaxud xeyirxah Tanrılarla bağlı quş və insanları simvolizə etdiyini söyləmişdir. V.Əliyev Gəmiqayadakı xaç təsvirlərindən birini insan fiquru adlandırmışdır. Gəmiqayada bu tip rəsmlərə ov səhnələrində rastlanması onların astral simvolika ilə bağlı olduğunu göstərir. Azərbaycanın müasir tikmə və toxumalarında xaç işarələrinin olması əski inanclarla bağlıdır. Xaç təsvirləri haqqında yuxarıda söylənənlərin doğru olduğunu təsdiq etmək üçün qədim təsvirlərə nəzər salmaq kifayətdir. Bu təsvirlərin insanların mifoloji düşüncə tərzi ilə bağlılığı qədim rəsmlərdə daha aydın əks olunmuşdur. Samarra mədəniyyətinə aid gil qablar üzərində çevrə boyunca düzülmüş dörd insan, keçi və quş təsvirlərinə rastlanır. Xaç təsvirlərinin insan və quş təsvirlərinə bənzədilməsinin tarixi kökləri də bununla bağlıdır. Bu tip rəsmlər daha sonra sxematik olaraq malta xaçı şəklində təsvir edilmiş, qədim Şərq mədəniyyətinin populyar motivinə çevrilmişdir. Bu tip təsvirlərə Azərbaycanın mədəniyyət abidələrində, Qızılburun boyalı küpəsinin üzərində də rastlanmışdır. Yuxarıda qeyd edilənlər göstərir ki, xaç təsvirləri qədim insanların inancları ilə bağlı olaraq dünyanın dörd tərəfini simvolizə etmiş və horizontal məkanın dörd hissəli strukturunu əks etdirmişdir. Qaya təsvirlərində xaçın quşa, insan təsvirlərinə bənzədilməsi, yaxud heyvan buynuzlarını simvolizə etməsi bununla bağlıdır. Bir xüsusu da diqqətə çatdırmaq istəyirik ki, malta xaçları dünyanın horizontal quruluşunu beş hissəli-mərkəz və onun dörd tərəfi şəklində ifadə etmişdir. Bu sturuktur bir sıra xalqların, o sıradan qədim türklərin mifalogiyasında rastlanır. Məsələn ağac, yaxud dağ yerin mərkəzi, dörd qayın ağacı isə dünyanın dörd tərəfidir. Yaxud ağaca şüa düşür, onun içərisində beş ev görünür və s. Dünyanın dörd tərəfinə tapınmanın insanların, yaxud onların ruhunun dünyanın dörd tərəfinin sahibi tərəfindən qorunması anlamını ifadə etdiyini yuxarıda qeyd etmişdik. Gəmiqayadakı bəzi işarələrin məzmununun açılması xüsusi araşdırma tələb edir. Lakin onların bir qismi ilə bağlı fikirlərimizi bildirmək istəyirik. Məsələn Gəmiqayada rastlanan “T” şəkilli işarələrin hansı məna ifadə etdiyini demək üçün Anau mədəniyyətinə aid gil qablar üzərindəki rəsmlərə nəzər salmaq kifayətdir. Qablardan birinin üzərində bucaq təsviri, bucaqların arasında isə “T” şəkilli işarələr verilmişdir. Bu naxış qabın bütün gövdəsini əhatə etmişdir. Bunun adi bir naxış olmadığını Altıntəpədən tapılmış bir əyircəyin üzərindəki təsvirlər sübut edir. Əyircəyin bir tərəfində iki insan fiquru və həndəsi ornament, onun əks üzündə isə mərkəzdə günəş simvolu, onun dörd tərəfində isə “T” şəkilli işarələr rəsm edilmişdir. Bu simvolikanın kosmik dünya modelinin horizontal məkana reduksiyası ilə bağlı olduğu aydındır. Burada “T” şəkilli işarələr dünyanın dörd tərəfini göstərir. Gəmiqayada rastlanan bu tip işarələrin astral simvolika ilə bağlı olduğu aydındır. Əlbəttə, bu qədər uzaq əlaqələr bəzən inanılmaz kimi görünsə də, mədəniyyətin sərhəd tanımadığını bir daha sübut edir.

Gəmiqayada olan “V” şəkilli işarələrə Naxçıvan boyalı qabları üzərində geniş şəkildə rastlanmışdır. Boyalı qablar üzərindəki təsvirlərin analizi onların şüa anlamını ifadə etdiyini və astral simvolika ilə bağlı olduğunu göstərir.

 

Naxçıvan - 2004

Müəllif hüquqları Azərbaycan Respublikası qanunları əsasında qorunur!