Ana səhifə Gəmiqayanın tarixi
Nuh əfsanəsi
Astral rəsimlər
Heyvan rəsmləri
İnsan rəsmləri
Gəmiqaya rəsmləri
Gəmiqaya haqqında mənbələr.
Məlumat və nəticə.
English

 

       Naxçıvanın qədim incəsənətinə aid ilk arxeoloji materiallar 1895-ci ildə Qızılburunda təsadüfən dağıdılan daş qutu tipli qəbir abidələrindən aşkar olunmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqatlarin genişləndirilməsi Naxçıvanın qədim bir mədəniyyət mərkəzi olduğunu göstərmişdir. Naxçıvanın boyalı qabları ilə seçilən Tunc dövrü abidələri xarici ölkə alimlərinin də diqqətini cəlb etmişdir. N.V.Fyodorov, İ.İ.Meşşaninov, A.A.Miller, Ə.K.Ələkbərov, O.H.Həbibullayev, V.H.Əliyevin Naxçıvanın arxeoloji abidələrinin öyrənilməsində böyük xidmətləri olmuşdur. Bu tədqiqatlar nəticəsində Naxçıvanda yüzlərlə arxeoloji abidə və qədim mədəniyyətlər aşkar olunmuşdur.

       Araşdırmalar Naxçıvanın arxeoloji abidələrinin qədim sənət nümunələri ilə zəngin olduğunu göstərmişdir. O.H.Həbibullayevin qazıntıları zamanı Eneolit dövrünə aid boyalı qablar, Kür-Araz mədəniyyətinə aid müxtəlif heyvan fiqurları və sitayiş əşyaları tapılmışdır. O.H.Həbibullayev ilk Tunc dövrünün son mərhələsinə aid gil qablardan birinin üzərində stilizə insan rəsminin olduğu haqqında  məlumat vermişdir. O.H.Həbibullayev Orta Tunc dövrünün boyalı qablarını mənəvi mədəniyyətin bir sahəsi kimi xarakterizə etmiş, boyalı qablar üzərindəki həndəsi motivlərin, fauna və flova ilə müəyyən kompozisiyada verilmiş təsvirlərin, şübhəsiz ki, bir semantikası olduğunu qeyd etmişdir. Tədqiqatçıların bu sezmələri Naxçıvanda yaşayan qədim tayfalar arasında dini mifoloji baxışların formalaşdığını aydın şəkildə göstərir. Naxçıvanda yaşayan tayfaların dünya baxışı Gəmiqaya təsvirlərində daha aydın əks olunmuşdur.

       Gəmiqaya rəsmləri xalqımızın ən dəyərli arxeoloji abidələrindən biridir. Qayaüstü təsvirlər qrupuna daxil olan abidələrin əl çatmaz bir yerdə yerləşməsi onun tədqiqini çətinləşdirən səbəblərdən biri olmuşdur. Gəmiqaya rəsmləri qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən sinkretik bir mədəniyyət abidəsidir. Odur ki, abidənin tədqiqi arxeologiya, folklor, mifologiya, etnoqrafiya ilə bağlı elmi biliklərin birləşdirilməsini tələb edir. Bir tərəfdən bu elmlərin çətinliyi, digər tərəfdən isə mifoloji araşdırmaların azlığı Gəmiqaya abidəsinin öyrənilməsinə mane olmuşdur.

     Gəmiqaya rəsmləri insanların dünyabaxışının müəyyən kodlarla-antropomorf və zoomorf obrazlarla verilməsidir. Bu rəsmləri mifoloji qavram kimi qəbul etmədən, bu kodların quruluşunu və hansı informasiyanı verdiyini bilmədən onları araşdırmaq və “oxumaq” mümkün deyildir. Qeyd edək ki, rəsmlərin araşdırılmasında dünya modeli kosmoqrammasından istifadə edilmişdir. Rəsmlər dünya modelini bütövlükdə, ya da onun strukturundakı hər hansı mövqeyi əks etdirir.

      Naxçıvan ərazisində uzun illərdən bəri arxeoloji araşdırmalar aparılsa da, Daş dövrünün müxtəlif mərhələləri, xüsusilə qədim sivilizasiyanın əsasını qoyan Neolit dövrü öyrənilməmişdir. Ancaq aparılan araşdırmalar bu ərazidə insanların Orta Paleolit dövründən məskən saldığını göstərir.

    Araşdırmalar göstərir ki, Gəmiqaya təsvirləri təsadüfən ortaya çıxmamış, o, qədim dövrdən bu ərazidə yaşayan tayfaların iqtisadi-sosial inkişafı ilə bağlı olmuş, onların dünya baxışını, inanclarını əks etdirmişdir. Naxçıvanda formalaşan incəsənətə qonşu ölkələrlə iqtisadi, mədəni əlaqələrin müəyyən təsiri olmuşdur.

 

Naxçıvan - 2004

Müəllif hüquqları Azərbaycan Respublikası qanunları əsasında qorunur!