İnsan rəsmləri və ov
səhnələri.
Gəmiqaya
rəsmlərinin müəyyən bir qrupu insan rəsmlərindən
ibarətdir. Onlar ya ayrılıqda, ya da astral və
heyvan təsvirləri ilə bir kompozisiyada
verilmişdir. İnsan rəsmləri ikonoqrafik baxımdan
bir-birindən fərqlənirlər. Onlar başlıca olaraq
sxematik şəkildə təsvir edilmişdir. Qaya
təsvirlərinin birində mürəkkəb kompozisiyalı
təsvirə rastlanmışdır. Buradakı insan
rəsmlərindən birinin başı dairə şəklində,
qolları dirsəkdən sinəsinə doğru bükülmüş
vəziyyətdədir.
Fiqurun gövdəsi ucları dəyirmiləşdirilmiş və
dörd yerə bölünmüş kvadrat şəklindədir. Onun
altında altı yerə bölünmüş, ucları
dəyirmiləşdirilmiş düzbucaqlı vardır. Onun
yuxarı ucları heyvan fiqurlarına bənzəyən
çıxıntılarla tamalanır. Rəsmlərin birində
yuxarıda təkə, aşağıda əlində dəyənək tutmuş
insan, onun aşağısında sağ tərəfdə buynuzları
arasında quş təsvir edilmiş keçi, keçidən
aşağıda vəhşi heyvanın digər bir heyvana hücumu,
solda quyruğu üç yerə haçalanmış ilan, ilanın
aşağısında dörd yerə bölünmüş düzbucaqlı,
onlardan solda isə qarmaqşəkilli işarə təsvir
edilmişdir. Keçinin lap yuxarıda təsvir edilməsi
şübhəsiz ki, onun keçi kultu ilə bağlı olduğunu
göstərir. Ondan aşağıdakı insan rəsmi yerin,
yaxud dağın sahibidir. Azərbaycan folklorunda
hər şeyin sahibinin olması ilə bağlı inanclar
vardır. Suyun, dağın, meşənin sahibi bəzən
insanların gözünə görünərək onlara kömək edir.
Onun əlindəki dəyənək də adi dəyənək deyildir.
Əgər o yerin himayədarıdırsa deməli dəyənək
sehirlidir. Qeyd edək ki, sehirli çomaqla da
bağlı Azərbaycan folklorunda nümunələr vardır.
Bizcə, bu həmin çomaqdır ki, sonradan qəbilə
rəhbərlərinin və hökümdarların hakimiyyət
simvoluna çevrilmişdir. Qədim təsvirlərdə və
qəbir abidələrində hakimiyyət rəmzi olan
əsaslara rastlanması bunu sübut edir. Bizcə,
çomağın sehirli olmasının sirri həm də onun
həyat ağacı ilə bağlı olmasındadır. Ondan
aşağıdakı heyvanların mübarizəsi olduqca
universal bir semantikaya sahib olmaqla ölümün
həyatın ayrılmaz şərti olduğunu göstərir. Bu
təsvirlərin qarşısındakı dörd yerə bölünmüş
dördbucaq horizontal məkan anlamını ifadə edir.
İlanın quyruğunun bağlanması, bizcə,
qədim
ovsunla bağlıdır. Azərbaycan folklorunda sapın
düyünlənməsi, bəd işləri törədən şeytanın
quyruğunun düyünlənməsi, itən bir şeyin, yaxud
hadisənin qarşısının alınması
mənasındadır.
İlanın quyruğunun bağlanması burada ölümün
qarşısının alınması kimi
izah edilə bilər.
Göründüyü kimi dərin məzmuna sahib olan bu rəsm
qədim insanların dünyaya baxışını bütövlükdə əks
etdirir. Rəsmlərin birində qrup halında üç insan
rəsmi təsvir edilmişdir. Onlardan biri bir əlini
yuxarıya qaldırmış, digəri isə əllərini yana
açmışdır. Öndəki insan rəsmi üçbarmaqlıdır.
Ondan bir qədər yuxarıda xaç rəsmi vardır. İnsan
rəsmlərindən yuxarıda dörd keçi təsviri vardır.
Keçilərdən birinin buynuzuna lent bağlanmışdır.
Tədqiqatçılar üçbarmaqlı fiqurların Göy və su
ilə bağlı Tanrı obrazını simvolizə etdiyini qeyd
etmişdir. Odur ki, üçbarmaqlı fiqurun Hami ruhu,
yaxud Tanrını simvolizə etdiyini söyləmək olar.
Fikrimizə görə, bu rəsmdə qurbankəsmə mərasimi
əks olunmuşdur. Keçilərin birinin buynuzuna lent
bağlanması Azərbaycanlılarda və digər türk
xalqlarında olmuşdur. Rəsmlərin birində
mərkəzi hissədə dörd yerə bölünmüş oval dairə,
dairədən ayrılan dalğalı xətlər, onların
arasında fantastik bir varlıq, bir qədər aşağıda
isə iki ilan təsviri verilmişdir. Sağ tərəfdə
dairəyə birləşən qövsvari xətt ondan aşağıda isə
insan rəsmi verilmişdir. Dörd yerə bölünmüş
dairə horizontal məkan anlayışı ifadə edir.
Fikrimizcə, sol tərəfdəki təsvirlərin xaotik
qüvvələri təmsil etdiyi ilan rəsmləri ilə aydın
ifadə edilmişdir. Sağ tərəfdəki qövsvari xətt
səma-Göy anlamını ifadə edir. İnsan rəsminin
Hami ruh, ya da Tanrı obrazını simvolizə etdiyini
söyləmək olar. Bu rəsmdə horizontal mədəni məkan
xaotik qüvvələrdən qorunması anlayışı aydın
ifadə edilmişdir. Qeyd etdiyimiz kimi,
Azərbaycan folklorunda Günəşin şər qüvvələrdən
azad edilməsi ilə bağlı nümunələr vardır.
Keçi təsvirlərindən ibarət kompozisiyaların
birində ən yuxarıda təkə, ondan aşağıda keçi və
oğlaq təsvirləri, sol tərəfdə qollarını yana
açmış insan və ilan təsvirləri vardır. Sağ
tərəfdə vəhşi quşun keçiyə hücumu, aslanın keçi
balalarına doğru hərəkəti təsvir edilmişdir. Bu
rəsmdə kosmik dünya modelinin strukturları aydın
şəkildə ifadə edilmişdir. Yuxarıda təsvir edilən
təkə məhsuldarlıq Tanrısı ilə bağlı zoomorf
onğondur. Ondan aşağıda bir tərəfində ölüm, o
biri tərəfində həyat olan orta dünya təsvir
edilmişdir. O biri dünyanın təmsilçiləri olan
aslan və ilan kompozisiyasının aşağısında yer
almışdır. Gəmiqayada kollektiv rəqs səhnələrinin
olduğu Vəli Əliyev tərəfindən qeyd edilmişdir.
Rəqs edənlərin birinin başında buynuzlu
maska olmuşdur.
Qrup
halındakı rəsmlərin birində üç insan, onlardan
aşağıda isə simvolik işarələr verilmişdir.
İnsanların biri əllərini yuxarıya qaldırmış,
digəri isə yanlara açmışdır. Onlardan birinin
əlində yay və qalxan vardır. Araşdırıcıların
fikrinə görə, əllərini yuxarı qaldırmış insan
rəsmləri Allaha dua ilə, əlləri yana açılan
rəsmlər isə uğur, himayə və müdafiə ilə
bağlıdır. Bəzi insan rəsmlərinin trikvestrlə-üç
çıxıntı ilə təsvir edilməsi diqqəti cəlb edir.
Həm Gəmiqayada, həm də Tunc dövrünə aid gil
qablar üzərində insanların əli də üçbarmaqlı
təsvir edilmişdir. Bu tip işarələrlə bağlı
olaraq tədqiqatçılar öz fikirlərini
bir mənalı ifadə etmişlər. Bu işarələrlə verilən
insan rəsmlərinin səmavi qüvvələrlə bağlılığı
ifdə olunmuşdur.
İnsan
rəsmlərinin astral və heyvan rəsmləri ilə vahid
kompozisiyada təsvir edildiyi səhnələrin bir
qismi totem və dua ilə bağlı mərasimləri əks
etdirir. Dua ilə bağlı rəsmlərə bir
neçə yerdə
rastlanmışdır. Bu rəsmlər
tədqiqatçı Vəli Əliyev tərəfindən
nəşr edilmişdir. Rəsmlərin birində əllərini
yuxarıya qaldırmış insan, onun yuxarısında isə
ekizliyin rəmzi olan qoşa dairə və üçbucaq
rəsmləri təsvir edilmişdir. Veneranın simvolu
olan qoşa dairələr bəzən qadın Tanrı ilə
eyniləşdirilmiş, məhsuldarlığın başlanğıcı hesab
edilmişdir. Bitişik üçbucaqların da bu simvolika
ilə bağlı olduğu arxeoloji tapıntılarla təsdiq
edilir. Gəmiqayadakı bəzi heyvan təsvirləri qoşa
üçbucaqlar şəklində verilmişdir. Belə hesab
edirik ki, bu rəsmdə insanların ekizliklə,
məhsuldarlıqla bağlı dualarını əks etdirən
mərasim təsvir edilmişdir. Digər bir rəsmdə
əllərini yuxarıya qaldırmış insan, onun üzərində
isə keçi rəsmi təsvir edilmişdir. Bu rəsmdə
insanın keçi toteminə sitayişi, duası əks
olunmuşdur. Gəmiqayada bu tip təsvirlərin
verilməsi tamamilə qanunauyğundur. Çünki,
istehsal təsərrüfatı formalaşdıqdan sonra belə
insanların həyatı xeyli dərəcədə təbiətdən və
onun verimindən asılı olmuşdur. Cəmiyyətin
mövcudluğu və inkişafı üçün zəruri olan məhsul
artımı qədim dövrdə insanları düşündürən əsas
problemlərdən biri olmuşdur. Buna görə də
insanlar fövqəltəbii qüvvələri köməyə çağırmaq,
onlara dua etmək, müəyyən mərasimlər keçirmək və
s. hərəkətlərlə məhsulun artımına, çoxalmasına,
qorunub saxlanmasına çalışmışlar. Əllərini
yuxarıya qaldırmış insan fiqurlarının dua
mərasimi ilə bağlılığı tədqiqatçılar tərəfindən
dəfələrlə qeyd edilmişdir. Gəmiqayada əllərini
yuxarıya qaldırmış sxematik insan rəsmlərindən
birinin aşağı qismi dörd yerə bölünmüş dairə ilə
tamamlanır. Onun gövdəsinin ortasında dörd
çıxıntı vardır. Bu təsvirin yanında keçi təsviri
verilmişdir. Fikrimizə görə, bu rəsm bərəkət
Tanrısını simvolizə etmişdir.
Vəli
Əliyev Gəmiqaya təsvirlərindən birini əlində
qamçı tutan insan kimi yozmuşdur. Şübhəsiz ki,
müəllif bu rəsmin praktiki maldarlıqla bağlı
olması kontekstindən çıxış etmişdir. Bu rəsm Şərq
incəsənətində çox populyar olan əlində ilan
tutan insan obrazıdır. İnsanın başı uzun olmaqla
quş dimdiyinə bənzəmişdir. Rəsmlərin birində
ağzında ot tutan keçi, qollarını yana açaraq
keçiyə doğru hərəkət edən insan təsvir edilmişdir. Şişpapaqlı insan təsvirinin
başının ətrafında
qoşa dairə vardır. Sağ
tərəfdə arxaya doğru hərəkət edən ovçu təsvir
edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi qoşa
dairələr Veneranı simvolizə etmişdir. Keçinin
ağzındakı yem Tanrı tərəfindən verilən müqəddəs
yemdir. Bu rəsm ovçuluq yasaqlarının və
məhsuldarlığın təmin edilməsinin
ifadəsi hesab edilə bilər. Digər bir rəsmdə dünyanın üçqatlı
quruluşunu göstərən kosmik simvol, ondan aşağıda
isə əfsanəvi ovçu təsvir edilmişdir. Bu təsvirdə
ovçuluqla bağlı ovsun,
ovun uğurluğunun təmin
olunması aydın ifadə edilmişdir.
Qaya
təsvirlərinin birində əllərini yana açmış insan,
onun başı üzərində keçi, ondan bir qədər
yuxarıda isə bir dağ keçisi və oğlaq rəsmi
təsvir edilmişdir. Bu rəsmlərdən solda düz xətlə
birləşdirilən iki dairə və çarpaz xətlərlə bir
neçə yerə bölünmüş dairə təsviri
vardır.
Rəsmdə müvəffəqiyyətin təmin olunması sürünün
qorunması ideyası ifadə olunmuşdur. Düz xətlə
birləşdirilən qoşa dairələrin tamğa olduğu
söylənmişdir. Hər bir tamğanın da müəyyən
simvolikanı ifadə etdiyi şübhəsizdir. Ehtimal
ki, bu tip rəsmlər insanların bu dünya, o biri
dünya anlayışlarını ifadə etmişdir. Qaya
parçasının o biri tərəfində bir neçə yerə
bölünmüş düzbucaqlı, onların bəzisinin
içərisində isə kiçik oval dairələr vardır.
Düzbucaqlının yuxarı tərəfində sağ tərəfə
hərəkət edən keçi təsvir edilmişdir. Yuxarıda
bir neçə yerə bölünmüş düzbucaqlının məkan
anlayışı ifadə etdiyini söyləmişdik. Ehtimal ki,
burada
totemizmin qalıqları ilə bağlı olaraq
məhsuldarlığın qorunması anlayışı ifadə
edilmişdir.
İnsan
rəsmlərinin təsvir edildiyi bəzi kompozisiyalar
ov səhnələrini əks etdirir. Bu təsvirlərin
birində əlində ox-yay və kəmənd tutan insan və qrup
halında keçi təsvirləri verilmişdir. Ovçunun bir
əli keçinin başına, oxu isə ayağına uzadılmış
vəziyyətdədir. Şübhəsiz ki, burada real ov
səhnəsi deyil ovçuluq kultu ilə bağlı müəyyən
ritual əks olunmuşdur. Bu ritual ovun uğurlu
olmasını təmin etməli idi. Digər bir rəsmdə ox
və yayı keçiyə doğru tutan insan təsvir
edilmişdir. Ovçunun başında dairəvi başlıq,
çiyin hissəsində isə uzunsov çıxıntı vardır.
Ovçu keçini arxadan nişan almışdır. Ov səhnəsini
yansıdan, insan və keçi təsvirlərindən ibarət
bir kompozisiyada yuxarıda aypara, ondan sağ
tərəfdə çərxi-fələk formasında fantastik varlıq
çəkilmişdir. O sanki ovçunun kamanından tutaraq
ona mane olmaq istəyir. Bir qədər aşağıda keçi
təsvirləri, ən aşağıda isə ilan təsviri vardır.
Bu təsvirdə kosmik dünya modelinin üçqatlı
quruluşunun ifadəsi heç bir şübhə doğurmur.
Ovçuluq mifləri ilə bağlı olan bu rəsmdə
gərəksiz ovçuluğun qarşısının alınması,
məhsuldarlığın təmin olunması ideyası
verilmişdir. Məlum olduğu kimi qədim insanlar
ova çıxmazdan əvvəl müəyyən ovsun və dua ilə
müşayət olunan mərasimlər icra edər, ovun uğurlu
keçməsini dilər və Tanrıdan kömək istərdilər.
Ovçuluqla bağlı miflər Azərbaycan folklorunda
geniş əks olunmuşdur. Azərbaycan folklor
nümunələrində heyvanların sahibi olduğu,
ovçuluğun himayə olunduğu çoxsaylı nümunələrdə
əks olunmuşdur. Gəmiqayada kollektiv ov
səhnələrinə də rastlanmışdır. Rəsmlərin birində
yuxarıda astral işarə, ondan aşağıda sağ tərəfdə
əlində ox-yay tutan insan arxası üstə çevrilmiş
keçi təsvirləri vardır. Vəhşi quşlardan biri
yerə uzanmış keçini dimdikləyir. Əlində nizə
tutan insan vəhşi heyvanı sürüdən uzaqlaşdırır.
Bu təsvirlərdən sol tərəfdə maral, onun
qarşısında isə əsa təsviri yer almışdır.
Kompozisiya aşağıda ilan rəsmi ilə tamamlanır.
Göründüyü kimi bu təsvirdə insanların, yaxud
hami ruhların vəhşi heyvanları sürüdən
uzaqlaşdırması səhnəsi təsvir edilmişdir. Göy
aləmi astral işarə ilə, Yeraltı dünya ilanla
göstərilmişdir. İnsanların vəhşi heyvanlarla
mübarizəsi ölümün qarşısının alınması
anlamındadır. Maralın qarşısında olan əsalar
əski maqiya ilə bağlı olub onun bəd ruhdan,
ölümdən qorunmasını simvolizə edir. İkinci
kompozisiyada əlində ox, yay və kəmənd tutan
insan rəsmi verilmişdir. O heyvanlardan birinə
ip biğlayaraq əlində tutmuş, nizəni vəhşi
heyvanın qarnına doğru yönəltmişdir. Ondan bir
qədər yuxarıda keçi təsviri vardır. Keçi
rəsmindən aşağıdakı insan təsviri ehtimal ki,
heyvanların himayədarıdır. Bu rəsmdə də ov
heyvanlarının vəhşi heyvanlardan qorunması,
ovçuluğun himayə edilməsi ideyası əks
olunmuşdur. Gəmiqaya rəsmlərinin müəyyən qrupu
qeyri adi varlıqların təsvirindən ibarətdir.
Keçiyəbənzər tək buynuzlu heyvanın quyruğu
spiral şəklində belinə doğru əyilmişdir. Belində
spiralşəkilli hörgücü vardır. Gövdəsi pələngə
bənzəyən digər bir heyvanın ayparaşəkilli uzun
buynuzları vardır. Keçiyəbənzər heyvanlardan
birinin buynuzları yuxarıya qalxaraq ilan
şəklində əyilmişdir. Vəhşi heyvanların keçiyə
hücum səhnələrindən birində təsvir edilən
heyvanlardan biri qanadlıdır. İkibaşlı ilan
təsvirləri də bu qrupa daxil edilə bilər.
Polimorf və fantastik varlıqların təsvir
edilməsi qədim incəsənət üçün xarakterikdir.
Araşdırmalar göstərir ki, bu tip heyvanların
təsviri insanların dünyanın quruluşu ilə bağlı
düşüncələrini, bu dünya ilə o biri dünyanın
əksliyini, mübarizəsini və vəhdətini əks
etdirir. Bu tip rəsmlərin birində quyruğu iki
yana şaxələnmiş heyvan təsviri, ondan aşağıda
buynuzları arxasında əsa olan keçi təsviri,
ondan aşağıda gövdəsi, quyruğu və buynuzları
üçpilləli
şəkildə birləşən keçi təsviri
vardır. Daraqvari işarələrin yağışı simvolizə
etdiyini demişdik. Keçinin buynuzları arasındakı
əsa onun qorunması anlamındadır. Aşağıda rəsmin
ortasında qoşa buynuzlu varlıq məhsuldarlığı
simvolizə edir. Yenə də burada ovsunla bağlı
müəyyən hərəkətin icrası ilə qarşılaşırıq.
Ehtimal ki, bu rəsm quraqlığın qarşısının
alınması, məhsuldarlığın təmin olunması və
qorunmasının metaforik ifadəsidir. Fantastik
kompozisiyalardan birində otlayan maral, ondan
arxada aypara, yuxarıda isə digər bir maralın
üstündə oturan fantastik varlıq, ehtimal ki,
şeytan təsvir edilmişdir. Bu təsvir şeytanın
qovulması, məhsuldarlığın, artımın təmin
edilməsi mənasındadır. Qeyri adi varlıqlar
sırasına insan rəsmləri də aiddir. Onların
bəzisinin başı quş dimdiyinə bənzədilmişdir.
Bizcə, bu onların Göylə Yer arasında bir
vasitəçi olduğunu ifadə edir. Qeyd edək ki,
qeyri-adi varlıqların təsvirinə Azərbaycan
folklorunda da rastlanır. Əkil-Bəkilin quş və
insan şəklində verilməsi, yaxud su pərisinin
yarı insan, yarı balıq şəklində təsvir edilməsi
buna misal ola bilər. Yuxarıda qeyd etdiyimiz
kimi Naxçıvan abidələrində aşağı qismi balıq
olan fiqurlara da rastlanmışdır.
Gəmiqaya rəsmlərinin ideya məzmunu ilə
bağlı olduqca az fikir söylənmişdir. Azərbaycan
folklorundakı mifoloji obrazların tədqiqi
sahəsindəki araşdırmalar da çox sayıla bilməz.
Azərbaycan qədim sənət nümunələrinin öyrənilməsi
folklor nümunələrini və etnoqrafik materialları
geniş şəkildə tədqiqata cəlb etmədən mümkün
deyildir. Gəmiqaya rəsmlərinin bütövlükdə qeydə
alınıb nəşr edilməsi «dolaşıq» rəsmlərin də
məzmununun açılmasına köməklik edə bilər. Lakin
bütün bunlara baxmayaraq araşdırmalar göstərir
ki, Gəmiqaya rəsmləri mifoloji düşüncə tərzidir,
qədim insanların dünyabaxışıdır, xalqımızın daş
yaddaşıdır. |