Heyvan rəsmləri
və parçalama səhnələri.
Gəmiqaya
rəsmlərinin böyük bir qrupu heyvan
təsvirlərindən ibarətdir. Bu rəsmlər insanların
min illər boyu formalaşan inanclarını əks
etdirir. Qədim insanların dini-mifoloji
görüşlərinin formalaşmalarında onların həyat
tərzi müəyyən rol oynamışdır. Arxeoloji
araşdırmalar göstərir ki, e.ə III minilliyin
ortalarından başlayaraq heyvandarlıqda
xırdabuynuzlu heyvanlar üstünlük təşkil
edilmişdir. Heyvandarlıqla bərabər ovçuluq da
təsərüfatda öz mövqeyini saxlamışdır.
Heyvandar-ovçu qəbilələrin ov məqsədilə günlərlə
heyvan sürülərini müşahidə etməsi, heyvan
sürülərinin müdafiə tədbirləri insanların
təsəvvüründə müəyyən əfsanələrin, miflərin
yaranmasına səbəb olmuşdur. Heyvan təsvirləri
arasında keçi rəsmləri üstünlük təşkil edir.
Keçi rəsmləri tək, cüt və qrup halında, bəzən
arxası üstə çevrilmiş vəziyyətdə təsvir
edilmişdir. Keçi rəsmlərinin üstünlük təşkil
etməsi insanların inancları ilə bərabər onların
həyat tərzi ilə də bağlı olmuşdur. Belə ki,
yabanı dağ keçiləri indi də Naxçıvanda, Gəmiqayada
mövcuddur.
Şübhəsiz ki, onlar qədim dövrdə daha çox olmuş
və insanların həyatında müəyyən rol oynamışdır.
Heyvandarlıqda keçiyə üstünlük verilməsi ehtimal
ki, onun daha çox məhsuldar olması və yerli
şəraitə uyğunlaşması ilə bağlı olmuşdur.
Heyvanların artıb çoxalması, heyvandarlığın
inkişafı insanlar üçün həyati məsələ olduğundan
rəsmlərdə bununla bağlı inanclar da əks
olunmuşdur. Rəsmlərin birində həyat ağacının
yanında iki keçi və bir oğlaq təsvir edilmişdir.
Şübhəsiz ki, burada insanların məhsuldarlıqla
bağlı inancları əks olunmuşdur. Digər bir rəsmdə
ağac budağının yanında üzbəüz duran iki keçi
təsvir edilmişdir. Gəmiqayanın ən çox sevilən
motivlərindən biri qrup halında üç keçi
rəsmidir. Keçilərin biri yuxarıda, digər ikisi
isə aşağıda üzbəüz təsvir edilmişdir. Onlardan
birinin buynuzları “B” şəklində bağlanmışdır.
Məhsuldarlığı simvolizə edən bu rəsm həm də
Gəmiqayada tez-tez rastlanan “B” şəkilli
işarələrin anlamını açıqca ifadə etmişdir. Başqa
bir rəsmdə qrup halında üç keçi, keçilərin
yuxarısında svastika rəsmləri, onlardan solda
isə vəhşi heyvan təsviri verilmişdir. Svastika
nişanlarının biri dairəyə alınmışdır. Yuxarıda
qeyd etdiyimiz kimi, V.Əliyev svastika
rəsmlərdən birini insan təsvirinə bənzətmişdir.
Biz burada kosmik dünya modelinin kanonlaşmış
təsviri ilə qarşılaşırıq. İçərisinə çərxi-fələk
rəsmi çəkilən dairə Göy aləmini, ondan sağdakı
insanabənzər rəsm heyvanların
himayədar Tanrısını, keçi rəsmləri orta dünyanı,
vəhşi heyvan o biri dünyanı təmsil edir. Bu
rəsmdə xaosun kənarlaşdırılması, məhsuldarlığın
himayə edilməsi verilmişdir. Keçi rəsmlərinin
astral simvollarla təsvir edilməsinə arxeoloji
sənət əsərlərində də çox rastlanmışdır.
Rəsmlərin birində sağ tərəfdə buynuzları dairə
ilə tamamlanan iki keçi, ondan solda biri ayaq
üstə, digəri isə arxası üstə çevrilmiş iki keçi,
bu təsvirlərin altında isə quş, yaxud
insanabənzər fantastik varlıq təsvir edilmişdir.
V.Əliyev keçi buynuzlarının dairə şəklində
verilməsini qədim totemlərin Yer üzündə Günəşi
təmsil etməsi ilə bağlamışdır. Bizcə, bu fikir
məntiqə uyğundur.
Keçilərin Günəşlə, Göy aləmi
ilə bağlılığı o qədər aydın verilmişdir ki, bunu
sezməmək olmaz. Keçiyə doğru hücum edən
fantastik varlıq o biri dünyanın, xaosun
təmsilçisidir. O, keçilərin birini öldürmüş,
digərinə doğru hücum etməkdədir. Bu rəsmdə
nizamlı mədəni dünya ilə xaotik başlanğıc
arasında mübarizə, dünyanın Tanrı tərəfindən
idarə edilməsi ideyası əks olunmuşdur. Keçi
rəsmlərinin birinin buynuzu qıvrılmış ilan
formasındadır. Maraqlıdır ki, keçi rəsminin arxa
tərəfində oğlaq rəsmi də vardır. Keçinin
buynuzunun qıvrılmış ilan şəklində təsvir
edilməsi onun ilanla bağlılığını əks etdirir. Bu
bağlılığın semantik mənası qədim təsvirlərdə
kifayət qədər aydınlıqla ifadə edilmişdir.
Xtonik qüvvələrlə bağlı olan ilan həm də
bərəkətin, bitki aləminin əfsanəsidir.
Keçilərin otlayan vəziyyətdə, yaxud ağzında ot
olduğu halda təsvir edilməsi də müəyyən
simvolika ilə bağlıdır. Ağzında ot tutan keçi
təsvirlərinə Eneolit və Tunc dövrünə aid gil
qablar üzərində xeyli rastlanmışdır. Keçinin
bitki aləmi ilə bağlı olması Mesopotamiya
materiallarında daha aydın ifadə edilmişdir.
Yeməyin məhsuldarlıqla, doğumla bağlılığı
Azərbaycan folklorunda
əks olunmuşdur. Səfəvi hökmdarı Məhəmməd
Xudabəndə ilə bağlı rəvayətdə qeyd olunur ki,
şahın övladı olmurmuş. Bir gün dərviş şaha bir
alma verir. Deyir ki, yarısını özün ye, yarısını
da arvadına ver. Sizin övladınız olacaq. Şah bu
almanı bölüb arvadı ilə yedikdən sonra bir oğlu
olur. Bu, tarixdə I Şah Abbas adı ilə tanınan
hökmdar olmuşdur. Buna bənzər epizodlara
Azərbaycan nağıllarında çox rastlanır. Yuxarıda
qeyd etdiyimiz kimi Gəmiqaya rəsmlərinin birində
keçilər üç meyvəsi olan həyat ağacı ilə birlikdə
təsvir edilmişdir. Həyat ağacının meyvəsi
Tanrıya məxsus yemdir və heyvanların
məhsuldarlığını təmin edir.
Türk
xalqlarında keçi kultu və keçi onğonunun olması
təkəli tayfasının adında da əks olunmuşdur.
Azərbaycanın müxtəlif yerlərində həmçinin Keçili
kənd adları da vardır. Məlum olduğu kimi keçi
şümerlərdə də müqəddəs hesab edilmiş, ona Tanrı
kimi tapınılmışdır. Gəmiqaya təsvirlərinin
araşdırılması zamanı qədim Şumer mifalogiyasının
yansımaları özünü aydın şəkildə göstərir.
Şübhəsiz ki, qədim dövrdən indiyədək keçinin
müqəddəsliyi ilə bağlı inanclar arasında müəyyən
bağlılıq vardır.
Gəmiqayada rastlanan heyvan
təsvirlərindən biri də maral rəsmləridir.
Yuxarıya doğru qalxan qoşa şaxələnmiş buynuzları
olan maral təsvirləri olduqca realist rəsm
edilmələri ilə fərqlənirlər. Maral təsvirlərinə
Orta Tunc dövrlərinə aid boyalı qablar üzərində
də rastlanmışdır. Arxeoloji
araşdırmalar zamanı yaşayış yerlərindən xeyli
miqdarda maral sümükləri, maral sümüklərindən
hazırlanmış tapıntılar maralın qədim insanların
həyatında müəyyən yer tutduğunu göstərir. Boyalı
qablar üzərində və Gəmiqayadakı təsvir edilən
maral rəsmləri şübhəsiz ki, qədim insanların
inancları ilə bağlı olmuşdur. Bu inanclar
Azərbaycan folklorunda geniş şəkildə əks
olunmuşdur. Azərbaycan ərazisində “Maral dağı”,
“Maral qayası”, “Maral bulaq”, “Maral göl” adlı
toponimlərin olması da bu inanclarla
bağlıdır.
Rəsmlərin az bir qismi quş təsvirlərindən
ibarətdir. Quş təsvirləri bəzən sxematik, bəzən
isə realist üslubda verilmişdir. Qeyd edək ki,
quş rəsmlərinə Tunc dövrünə aid boyalı və boz
rəngli gil qablar üzərində xeyli rastlanmışdır.
Onlar realist, sxematik və fantastik üslubda
təsvir edilmələri ilə fərqlənir. Naxçıvanın
arxeoloji abidələrində qəbirlərdə quş sümükləri
qoyulması adətinə də rastlanır. Gil qablar
üzərindəki təsvirlər və qəbirə quş sümüyü
qoyulması quş inancının Tunc dövründə
Azərbaycanda yaşayan qəbilələr arasında geniş
yayıldığını göstərir. Gəmiqayada Dəli bulaqdan
cənub-qərb tərəfdə iri qaya parçası üzərində
təsvir edilən Qaranquş rəsmi realist
üslubdadır. Təsvirin mamırla örtülməsi onun daha
qədim tarixə malik olduğunu göstərir. Çünki
buradakı rəsmlərin çoz az bir qismi mamırla
örtülmüşdür. Haçaquyruq qaranquşun təsviri,
şübhəsiz ki, Nuh əfsanəsində və Azərbaycanın
digər folklor nümunələrində rastlanan Qaranquş
obrazı ilə bağlıdır.Əfsanələrdə Qaranquş Göy
aləminin təmsilçisi, insanların xilaskarı,
onları bəd qüvvələrdən qoruyan bir obrazdır.
Qaranquşla bağlı inanclar digər türk xalqları
arasında da yayılmışdır. Xalq arasında mövcud
olan inanca görə Qaranquş toxunulmazdır. Onu
yuva saldığı yerdən qovmaq və ovlamaq günah
hesab edilir. Gəmiqaya təsvirlərindəki quş
rəsmləri müxtəlif məzmun ifadə etməklə müəyyən
dərəcədə ovçuluq və heyvandarlıq mifləri ilə də
bağlıdır. Gəmiqayada rastlanan kəklik rəsmləri
də
bu inanclarla bağlıdır. Ular kəklik indi də
Ordubad rayonunda müqəddəs quş hesab edilir.
Quşla bağlı mifoloji inanclar “Əkil-Bəkil quş
idi” şerində də əks olunmuşdur. Ovçuluq mifi ilə
bağlı olan bu obraz quşların himayədarıdır. Onun
özünün də himayədarı vardır .
Gəmiqayada bir neçə yerdə it rəsmlərinə
təsadüf olunur.
Məlum olduğu kimi, it
insanların əhilləşdirdiyi ilk heyvanlardan
biridir. Arxeoloji tapıntılar itlə bağlı
inancların qədim insanların ideologiyasında
müəyyən yer tutduğunu göstərir. Bu it obrazının
həyatda insanların yaxın köməkçisi
olduğunu göstərməklə bərabər, onun həm də
müqəddəs
məna daşıdığını göstərir. Bu baxımdan
C.Ə.Xəlilovun araşdırmaları zamanı aşkar olunan
bir sənət əsəri diqqətəlayiqdir. Burada gil
qabın yuxarısında iki insan və bir it başı
fiquru vardır. Tədqiqatçı etnoqrafik
materiallara əsaslanaraq həyətlərdə it
kəlləsinin asılmasının insanları bəd ruhlardan
qorumaq mənasında
olduğunu qeyd etmişdir.
Gəmiqayada çox rastlanan təsvirlərdən biri də
ilan rəsmləridir. İlan çox zaman dinamik hərəkət
vəziyyətində çevrilmişdir. Lakin bəzi
spiralların ilan başı ilə tamamlanması onların
qıvrılmış ilanları immitasiya etdiyini göstərir.
Azərbaycan folklorunda ilanla bağlı xeyli
inanclar vardır. Əfsanələrdə ağ ilan və qara
ilanla bağlı obrazlar, insanların ağ ilana
kömək etməsi, ağ ilanı öldürməyin yasaq olması öz
əksini tapmışdır. Azərbaycan əfsanələrində
saxlanan inanclara görə evdə olan ocaq ilanını
öldürməzlər. Əgər onu öldürsən xeyir-bərəkət yox
olar. Gəmiqayada ayrılıqda təsvir edilən ilan
rəsmlərinin bitki aləminin qorunması,
məhsuldarlığın mühafizəsi ideyası ilə bağlı
olduğunu demək olar. Gəmiqayada keçi ilə
qarşı-qarşıya duran ilan rəsmi Yerüstü və
Yeraltı dünyanın münasibətini əks etdirir.
Rəsmlərin birində keçi, ilan və balıq təsviri
verilmişdir. Fikrimizcə, ilanın balıqla təsvir
edilməsi onun su stixiyası ilə bağlılığını
göstərir. Çünki balıq xaotik başlanğıç olan
suyun təmsilçisidir. Azərbaycanın folklor
nümunələrində su sahibinin yarı insan, yarı balıq
bir məxluq olması ilə bağlı əfsanələr vardır.
Gəmiqayada mifoloji məzmun daşıyan rəsmlərin bir
qrupu heyvanların mübarizəsi səhnələri ilə
təmsil olunmuşdur. Bu tip rəsmlərdən bir neçəsi
V.Əliyev tərəfindən qeydə alınıb nəşr
olunmuşdur. Bu rəsmlərin birində sağ tərəfdə
əlini yuxarıya qaldırmış insan, ondan solda uzun
boyunlu bir heyvan və iki vəhşi heyvanın keçiyə
hücum etməsi səhnəsi təsvir edilmişdir.
Fikrimizə görə sağda verilmiş insan heyvanların
qoruyucu Tanrısıdır. Rəsmdə orta dünya təmsilçiləri
o biri dünyanın təmsilçilərinə qarşı
qoyulmuşdur. Kosmik dünya modelini bütövlükdə
əks etdirən və olduqca universal olan bu səhnə
həyatın davamı üçün qurban
vermənin zəruriliyi ideyasını
əks etdirir. V.Əliyevin bu səhnəni totemin
qorunması kimi izah etməsi məntiqi baxımdan
doğrudur. Digər bir rəsmdə marala hücum edən
yarımçıq heyvan, ehtimal ki, quş təsviri,
onlardan solda qarşı-qarşıya duran bəbir və öküz
rəsmi verilmişdir. Canavarla keçinin üz-üzə
olduğu təsvir olduqca maraqlıdır. Onların
arasında təsvir olunan ucu düyünlənmiş ip
ovsunla
ilə bağlı olub canavarın ağzının bağlanması,
ölümün qarşısının alınması mənasındadır. Bu
ovsun qarşısında aciz qalan şeytan aradan
çıxmağa məcbur olur. Ordubad rayonunda qurd ağzı
bağlamaqla bağlı ovsunlar indiyədək qalmaqdadır.
Gəmiqayada araşdırmalar zamanı heyvanların
mübarizəsini təsvir edən daha üç rəsm ortaya
çıxarılmışdır. Rəsmlərin birində buynuzlu iri
heyvan, ondan yuxarıda isə ceyran təsvir
edilmişdir. Burada qədim mifoloji təfəkkür üçün
xarakterik olan yuxarı və aşağı ideyası
verilmişdir. O qədər də yaxşı saxlanmayan digər
rəsmdə canavarın keçiyə hücumu səhnəsi
verilmişdir. Üçüncü rəsmdə aslanın vəhşi inəyə
hücumu təsvir edilmişdir. Rəsmlər dinamik
hərəkət halındadır. İnək qaçdığı vəziyyətdə
aslan onun sinəsindən tutmuşdur. Qeyd edək ki,
realist üslubda təsvir edilən rəsm yüksək
ustalıqla icra edilmişdir. Şübhəsiz ki, onun
çəkilməsində metal alətlərdən istifadə
edilmişdir. Rəsmlərin müxtəlif detallarının
ustalıqla verilməsi onun professional vərdişlərə
malik sənətkarlar tərəfindən çəkildiyini
göstərir. Sonuncu təsvir ikonoqrafik baxımdan
bir qədər fərqlənsə də, Mesopotamiya
təsvirlərindəki parçalama səhnələrini
xatırladır. Bu tip təsvirlərə Azərbaycanın
arxeoloji abidələrindən aşkar olunan sənət
əsərlərində də rastlanmışdır.
Gəmiqayada arxa-arxaya duran qoşa heyvan fiquru
təsvirlərinə də rastlanmışdır. Rəsmlərin birində
arxa-arxaya durmuş keçi, digərində isə keçi və
maral təsvir olunmuşdur. Bu tip heyvan fiqurları
Cənubi Qafqazın arxeoloji abidələrində geniş
yayılmışdır.
Qaya
təsvirlərinin bir qrupu heyvan buynuzlarını
xatırladan işarələrdən ibarətdir. Fikrimizə
görə, heyvan buynuzları heyvanların özünü
simvolizə etmişdir. Ola bilsin ki, rəsmlər
müxtəlif kateqoriyalı adamlar
tərəfindən çəkildiyi üçün onları həmişə bütöv
təsvir etmək mümkün olmamışdır. |