GƏMİQAYA
rəsmlərinin
yerləşdiyi topoqrafiya
və
NUH
əfsanəsi.
Gəmiqaya təsvirləri
dəniz səviyyəsindən 3907 m yüksəklikdə yerləşən
Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı
Nəbiyurdu, Camışölən və Qaranquş
yaylaqlarındadır (Naxçıvan MR Ordubad rayonu
ərazisində). Qaya təsvirlərinin toplandığı
başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara
rəngli qaya parçaları üzərinə çəkilən təsvirlər
başlıca olaraq çəhrayı görünüşdədir.
Rəsmlər qazma və döymə texnikası ilə
icra edilmişdir. Orta əsrlərə aid az miqdar
rəsmlər isə cızma texnikası ilə icra olunmuşdur.
Rəsmlərin yerləşdiyi ərazi topoqrafik baxımdan
olduqca mürəkkəbdir. Qaya təsvirləri qrup halında,
başlıca olaraq su qaynaqlarının yaxınlığında
yerləşir. Dəli bulaqdan şimal şərqdə 5-6 yerdə
belə qruplara rastlanır. Lakin qruplardan
kənarda çəkilmiş təsvirlər də vardır. Su
qaynaqlarından uzaqlaşdıqca rəsmlər azalır. Qaya
təsvirlərinin yaxınlığında iribuynuzlu və
xırdabuynuzlu heyvanlar üçün hazırlanmış
arxaclara-yataqlara
təsadüf olunur. Yataqların bir
qismi dairəvi formadadır. Divarlar bəzi yerlərdə 0,7 – 1 m
yüksəklikdə saxlanılmışdır. Etnoqrafik
müşahidələr bu tip yataqların iribuynuzlu
heyvanlar üçün nəzərdə tutulduğunu göstərir.
Qaranquş yaylağında saxlanan bu tip tikintilər,
Orta əsrlərə aiddir. Yaxınlıqda Orta
əsr qəbirlərinin olması da bunu sübut edir. Bu
ərazidə qədim dövrdə də mövsümi yaşayış olduğu
sübhəsizdir. Onların ortaya çıxarılması üçün
arxeoloji araşdırmalara ehtiyac vardır.
Onu da qeyd edək ki, qaya təsvirlərinin yerləşdiyi
ərazi o qədər də zəngin bitki örtüyünə
malik
deyildir.
Məlum olduğu kimi, Naxçıvanda bitki örtüyü ilə
daha çox zəngin olan yaylaqlar vardır. Batabat
yaylağı, Xurs yaylaqları buna nümunə ola bilər.
Ancaq bu yaylaqlarda qaya təsvirləri
yoxdur. Gəmiqaya
təsvirləri yalnız köçəri, yaxud yarımköçəri
maldarlıqla bağlı deyil.
Qaya təsvirlərinin yaranması
təkcə
yarımköçəri maldarlıqla deyil, insanların
inancları ilə də bağlı olmuşdur. Gəmiqaya
təsvirlərinin repertuarı da bu fikiri təsdiq
edir. Belə ki, burada təsvir olunan yırtıcı
heyvanların, balıq, ilan və həşərat
təsvirlərinin maldarlıqla bilavasitə əlaqəsi
yoxdur. Bunlar yalnız insanların inancları ilə
bağlıdır. Gəmiqaya ilə bağlı Nuh əfsanəsinin
mövcudluğu, Kiçik Qafqazın ən yüksək zirvəsinin
Qapıcıq dağında yerləşməsi, Qaranquş yaylağının
yaxınlığında Bibqətəl ziyarətgahının olması da
bununla bağlıdır. Bu ərazinin dağları və suları
qədim insanlar tərəfindən müqəddəs hesab
edilmişdir. Dəli bulağın yaxınlığında çəkilən
Qaranquş rəsmi Qaranquş yaylağının bu quşa olan
inanclarla bağlı olduğunu göstərir. Bəzi
tədqiqatçıların qayaüstü təsvirlərin müqəddəs
ziyarətgahların ətrafında yaranması ilə bağlı
fikirləri, bu mənada
özünü doğruldur.
Gəmiqaya təsvirləri 1965-ci ildə ilk dəfə geoloqlar
tərəfindən aşkar olunmuşdur. Rəsmlər aşkar
olunduqdan sonra müxtəlif ixtisas sahiblərinin
diqqətini cəlb etmiş, abidə haqqında müxtəlif
fikirlər irəli sürülmüşdür. Bu baxımdan Vəli
Əliyevin 1968-ci ildən başlayaraq apardığı
tədqiqatlar xüsusilə diqqətəlayiqdir.
Tədqiqatçıların apardığı araşdırmalar zamanı
rəsmlərin böyük bir qisminin fotoşəkili çəkilmiş
və nəşr edilmişdir. Vəli Əliyevin 1993-cü ildə
nəşr olunan kitabında bu araşdırmalar
yekunlaşdırılmışdır. Gəmiqaya abidələri və
buradakı rəsmlər haqqında Ə.Hüseynov,
F.Y.Səfərli, N.Müseyibovun və başqalarının
məqalələrində də məlumat verilmişdir.
Dünyanın bir çox yerlərində yayılan qayaüstü
təsvirlər piktoqrafik yazı nümunələridir.
Piktoqrafik yazı əsl mənada yazı olmayıb,
məzmunun işarələr və rəsmlərlə verilməsidir.
Odur ki, qayaüstü təsvirlərdəki hər bir rəsmin
konkret məzmun daşıdığı şübhəsizdir. Qeyd etmək
lazımdır ki, Gəmiqayanın tədqiqi ilə məşğul olan
bəzi araşdırıcıların bu rəsmləri mixi yazı,
yaxud runi yazı adlandırılması da maraq doğurur.
Araşdırıcıların Gəmiqaya təsvirlərində əlifba
elementləri axtarmaq cəhdi də bununla bağlıdır.
Bu baxımdan bəzi rəsmlərin məhsuldarlıq və
totemizmlə bağlı olması haqqındakı fikirlər,
yaxud bəzi rəsmlərin tamğa olması ehtimalı
uğurlu hesab edilə bilər.
Dünya mədəniyyətinin nadir incisi olan Gəmiqayadan
danışarkən bu abidə haqqında mövcud olan Nuh
əfsanəsinə toxunmadan keçmək olmaz. Azərbaycan
xalqı içərisində olduqca müxtəlif variantları
olan bu əfsanənin tarixi kökləri qədim
şumerlərlə bağlıdır. Mesopotamiyada aparılan
arxeoloji tədqiqatlaradək dünya xalqlarına bu
əfsanənin yalnız yəhudi variantı məlum idi.
Arxeoloji tədqiqatlar zamanı Mesopotamiyada
aşkar olunan mixi yazıların oxunması ilə gil
lövhələrin bir qrupunda Dünyanı su basması
haqqında şumer əfsanəsinin yazıldığı müəyyən
edilmişdir. Əfsanənin yazıldığı gil lövhələr e.ə
II minilliyin birinci yarısına aid edilir.
Əfsanəyə görə dünya tufanı zamanı Ziusudra canlı
aləmi öz gəmisinə alaraq onları məhv olmaqdan
xilas etmişdir. Bilqamıs haqqında əfsanəyə görə
isə bu vəzifəni Utnapiştim yerinə yetirmişdir.
Gil lövhələr üzərində yazılan bu əfsanələr
oxunduqdan sonra dünya alimlərinə məlum oldu ki,
Bibliyada saxlanan Nuh tufanı haqqında yəhudi
əfsanəsi öz mövzusunu şumer əfsanələrindən
götürmüşdür. Şumerlərin tarix səhnəsindən
çıxması, mixi yazıların, elm aləmindən uzun
müddət gizli qalması nəticəsində şumer
əfsanələri unudulmuş, dünya xalqları isə
yalnız Bibliyada təsvir olunan Nuh əfsanəsi
ilə tanış olmuşlar. Dünya tufanı haqqında müsəlman
əfsanəsinin əsasını təşkil edən Nuh əfsanəsi bir
sıra Şərq xalqlarının, o cümlədən Azərbaycan
türklərinin ədəbiyyatına təsir etmişdir. Bu
təsir həm də o dərəcədə böyük olmuşdur ki, bir
sıra Orta əsr müəllifləri türk xalqının
mənşəyini Nuhla bağlamışdır. Əfsanənin Gəmiqaya
ilə bağlı variantının qısa məzmunu belədir:
-
Yer
üzünü su alır. Nuhun gəmisi dəryada xeyli
dolandıqdan sonra bir dağa dəyir. Nuh deyir ki,
nə ağır dağdır. Bu dağın adı Ağrı dağı qalır.
Nuhun gəmisi ikinci dəfə yenə bir dağa toxunur.
Nuh deyir: İnan ki, dağdır. Bu dağın da adı İnan
dağ-İlanlı
dağ qalır. Üçüncü dəfə Nuhun gəmisi qayaya
toxunanda deyir ki, kəmçi qayadır. Kəmkidən
sonra Nuhun gəmisi Gəmiqayaya yan alır. Rəvayətə
görə Nuhun gəmisi Gəmiqayada qalaraq
daşlaşmışdır. Gəmidə olan insanlar isə quruya
çıxaraq həyatı davam etdirmişdir. Bu əfsanənin
bütün aspektlərinin real olduğunu qəbul edənlər
Ağrı
dağı
və Gəmiqayada Nuhun gəmisinin qalıqlarını da
axtarmağa cəhd etmişlər. Bu əfsanəyə əsaslanan
Orta əsr müəllifləri bəşər tarixinin Nuhdan
başlanması ilə bağlı fərziyyələr irəli sürmüş və
türk xalqının mənşəyini Nuhla bağlamışlar. Son
zamanlar Naxçıvan Nəhəcir, Nehrəm toponimlərinin
Nuhla bağlı olması haqqında da ehtimal irəli
sürülmüşdür. Gəmiqaya rəsmlərinin Nuhun
gəmisindən enən ilk insanlar tərəfindən
çəkilməsi ilə də bağlı fikirlər vardır. Yeri
gəlmişkən qeyd edək ki, tədqiqatçılar haqlı
olaraq Naxçıvan toponiminin Nuhla bağlı
olmadığını söyləmişlər. Bu toponimin tayfa adı
bildirən “naxçı” və məkan bildirən “van”
şəkilçisinin birləşməsindən yarandığını
söyləyənlər, bizcə, haqlıdırlar. Şübhəsiz ki,
Nuh əfsanəsində əks olunan mifoloji epizodlar
xalqımızın keçmiş düşüncə tərzinin öyrənilməsi
üçün əhəmiyyətlidir. Lakin bunlar türk xalqının
mənşəyini Nuhla bağlamağa əsas vermir. Türklərin
mənşəyi ilə bağlı olan əfsanə və rəvayətlərə
islam və yəhudi əfsanələrinin qarışdığını vaxtilə
Mirəli Seyidov
da
qeyd etmişdir.
Dünya tufanı haqqında əfsanənin həqiqət olub olmaması
alimləri uzun müddət düşündürmüşdür. Nəhayət,
Mesopotamiyada aparılan qazıntılar bu suala
cavab vermişdir. Qazıntılar zamanı məlum
olmuşdur ki, e.ə lV minillikdə Mesopotamiyada
böyük daşqın olmuşdur. Daşqın zamanı
Mesopotamiyanın düzənlik qismi, Elamdan Suriya
yaylasınadək su altında qalmış, Əl-Obeyd və
Rəcəbiyyə kimi yaşayış yerləri tərk edilmişdir.
Daşqın Əl-Obeyd mədəniyyətini məhv etsə də,
orda
yaşayış davam etmişdir. Araşdırmalar
göstərmişdir ki, bu daşqın lokal xarakter
daşımış, Mesopotamiyadan çox da kənara
çıxmamışdır. Lakin Mesopotamiyadakı yaşayış
məskənlərinin əksəriyyəti su altında qaldığından
insanlara elə gəlmişdir ki, bütün dünyanı su
alıb. Göründüyü kimi Nuhun gəmisi ilə bağlı olan
əfsanənin heç də bütün detalları doğru deyildir.
Bəşər cəmiyyəti yarandıqdan sonra bütün dünyanın
su altında qalması kimi bir hadisə olmamışdır.
Əfsanədəki hadisələr müəyyən qədər
şişirdilmişdir. Bütün bunlara baxmayaraq, Nuhun
tarixi şəxsiyyət olması, hətta onun qəbrinin
Naxçıvanda olması haqqında xalq arasında
rəvayətlər dolaşmaqdadır. Bu fikirlərin
tədqiqatçılar arasında yayılmasında
K.A.Nikitinin nəşr etdirdiyi “Naxçıvan mahalı və
Naxçıvan şəhəri” adlı məqalənin müəyyən rolu
olmuşdur. B.Kəngərlinin çəkdiyi “Nuhun qəbri”
rəsm əsəri bu fikirləri daha da
möhkəmləndirmişdir. Qeyd edək ki, bəşər tarixi nəinki Nuh əfsanəsi
ilə bağlanmır, əksinə insanın yaranması və onun
fəaliyyəti bu əfsanədən çox-çox qədimdir.
Dünya arxeologiya elminin uğurları insan cəmiyyətinin
2,5 - 3 milyon il bundan əvvəl yarandığını
göstərir. Azərbaycanda aparılan qazıntılar
ölkəmizdə insanların 1,5 milyon il bundan əvvəl
məskənləşdiyini və Azərbaycanın antropogen
zonasına daxil olduğunu göstərmişdir. Azıx
mağarasında aşkar olunan ibtidai insanın
daşlaşmış çənə sümüyü dünyada ən qədim
tapıntılardan biridir. Naxçıvan ərazisində
insanların Orta Paleolit dövründə məskənləşdiyi
arxeoloji tədqiqatlarla sübut edilmişdir.
Aydındır ki, Naxçıvanın tarixini qədimiləşdirmək
üçün Nuh əfsanəsinə ehtiyac yoxdur. Həm də bu
əfsanənin tarixi yalnız 7-6 min il bundan əvvələ
aiddir. Digər tərəfdən Mesopotamiyada baş verən
daşqın Azərbaycanı əhatə etməmiş, e.ə V-lV
minilliklərdə burada çiçəklənən mədəniyyətlər
olmuşdur.
Nuh əfsanəsinə əsaslanaraq
Gəmiqaya rəsmlərini ən qədim rəsm əsəri hesab
edənlər yanılırlar. Çünki, yuxarıda qeyd
etdiyimiz kimi bu əfsanə bəşər cəmiyyətinin
yaranması ilə müqaisədə çox gəncdir. Digər
tərəfdən ilk insanlar heç zaman incəsənət
əsərləri yaratmamışdır. Arxeoloji araşdırmalar
sübut edir ki, incəsənətin meydana çıxması, ağıllı insanın yaranması və fəaliyyəti ilə bağlı
olmuşdur. Paleolit dövrünün son mərhələsinə aid
rəsmlərə İspaniyada Altamira, Fransada Lyasko,
Sibirdə Lena vadisində və digər yerlərdə
rastlanmışdır. Azərbaycanda Mezolit dövrünə aid
ən qədim rəsm əsərləri Qobustanda aşkar
olunmuşdur. Gəmiqaya rəsmlərinin əksəriyyəti
Tunc dövrünə aid edilmişdir. Lakin burada daha
qədim rəsmlərin olduğu da ehtimal olunur. |